Psixi sağlamlıq və psixososial dəstək

Alkoqol istehlakı çoxsaylı sağlamlıq problemləri üçün risk faktorudur və zərərli alkoqol istifadəsi erkən xəstəlik, əlillik və ölümün əsas səbəbidir.

Alkoqol qəbul edirsinizsə, bir sıra sağlamlıq və digər problemlərlə üzləşə bilərsiniz, xüsusən, əgər:

  • gündə 2 dəfədən çox standart içki¬* içirsinizsə;
  • həftədə içmədiyiniz gün sayı ən azı iki gün deyilsə

Alkoqol istehlakının risksiz bir dərəcəsi yoxdur və bir çox insanlar üçün gündə 2 standart içki istehlakı hələ də əhəmiyyətli risklərlə əlaqələndirilə bilər.

Alkoqol istifadəsi ilə bağlı sağlamlıq problemləri risklərini artıra biləcək müəyyən amillər vardır. Buraya daxildir:

  • alkoqol asılılığının ailə anamnezi (ailədə alkoqol asılılığı);
  • müəyyən dərmanların qəbulu və ya səhhət ilə bağlı vəziyyətlər;
  • sizin genderinizdə və ya boyunuzda olan digər insanlardan fərqli olaraq çəkinizin az olması;
  • ac qarına içmək.

Xroniki həddən artıq alkoqol istifadəsindən sonra ona qarşı tolerantlıq və asılılıq inkişaf edə bilər və asılı olaraq içki qəbul edən şəxslər alkoqol istehlakını azaltdıqda və ya dayandırdıqda çəkilmə (abstinensiya) simptomlarına məruz qala bilərlər.

Alkoqol delirisi ilə ağırlaşan alkoqolun kəskin çəkilməsi (abstinensiyası) təcili tibbi haldır. Çəkilmə (abstinensiya) simptomlarına titrəmə, tərləmə, təşviş, ürək bulanması, qusma və ishal, yuxusuzluq, baş ağrısı, hipertoniya, halüsinasiyalar və qıcolmalar daxildir.

Siz, ümumiyyətlə, içməməlisiniz, əgər:

  • hamilə və süd verirsinizsə;
  • sürücülük, mexaniki vasitələrin idarəsi və ya riskli digər fəaliyyətləri həyata keçirirsinizsə;
  • alkoqol səbəbi ilə daha da ağırlaşa biləcək sağlamlıq problemləriniz varsa;
  • birbaşa alkoqolla bir-birinə qarşılıqlı təsir göstərən dərman qəbul edirsinizsə;
  • içməyinizi kontrol edə bilmirsinizsə.

Təhlükəsiz olmayan dərəcələrdə alkoqol istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Xumarlıq(lar), aqressiv və zorakı davranış, qəza və xəsarət, ürəkbulanma və qusma
  • Cinsi fəaliyyətin azalması, erkən yaşlanma
  • Həzm problemləri, xoralar, mədəaltı vəzinin iltihabı, yüksək qan təzyiqi
  • Təşviş və depressiya, münasibətlərdəki çətinliklər, maddi və iş problemləri
  • Yada salmada və problemlərin həllində çətinlik
  • Yaddaş itkisi, koqnitiv defisit və dezorientasiyaya səbəb olan uzunmüddətli beyin zədəsi
  • İnsult, əzələ və sinir zədələnməsi
  • Qaraciyər və mədəaltı vəzi xəstəliyi
  • Ağız, boğaz və döş xərçəngi
  • İntihar

* Standart içki:
1 butulka adi pivə (% 4-də 330 ml);
spirtli içkilərin birdəfəlik ölçüsü (“şotu”) (% 40-da 30 ml);
bir qədəh şərab və ya kiçik bir qədəh şeri (12% -də 100 ml və ya 18% -də 70 ml);
kiçik bir qədəh likör və ya aperitif (% 25-də 50 ml).

Çətənə dünyada ən çox istehlak olunan qadağan olunmuş narkotikdir.

Çətənə dozanın aşılmasına və toksikliyə səbəb ola bilər, baxmayaraq ki, digər narkotiklərlə kombinasiyası dozanın aşılması və ölümlə nəticələnə bilər, lakin yalnız çətənə intoksikasiyasına görə ölüm ehtimalı çox aşağıdır.

Hamiləlik müddətində ana və körpənin sağlamlığına çətənə istifadəsinin mənfi təsirləri tütün çəkməyin göstərdiyi təsirlərə bənzəyir.

Çətənə istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Diqqət və motivasiya ilə bağlı problemlər
  • Təşviş, paranoya, panika, depressiya
  • Yaddaşın və problem həll etmə qabiliyyətinin zəifləməsi
  • Yüksək qan təzyiqi
  • Astma, bronxit
  • Xüsusilə fərdi və ya ailə tarixçəsində (anamnezində) şizofreniya olan şəxslərdə psixotik simptomlar və psixoz
  • Ürək xəstəliyi və xroniki obstruktiv ağciyər xəstəliyi
  • Üst tənəffüs yolları və boğaz xərçəngi

Kokain stimullaşdırıcı bir narkotikdir və onun istifadəsi çoxsaylı fiziki və psixi sağlamlıq problemlərinə gətirib çıxarır.

Adətən, kokainin ürək-damar sisteminə təsiri səbəbindən toksik ağırlaşmalar və qəfil ölüm kimi mühüm risk mövcuddur.

Kokain istifadəsi yüksək riskli inyeksiya və qorunulmamış seks daxil olmaqla riskli davranışlarla əlaqəlidir; istifadəçiləri və onların partnyorlarını bir sıra cinsi yolla ötürülən xəstəliklərə və qan yolu ilə keçən viruslara yoluxma riskinə məruz qoyur.

Kokainin sürətlə başlayan və nisbətən tez keçən təsirləri səbəbi ilə narkotik istifadəçiləri tərəfindən bir sessiya ərzində maddənin çoxsaylı istifadə edilməsi meyli ilə nəticələnə bilər.

Kokain hətta yalnız cəmi bir neçə dəfə istifadə etdikdən sonra belə güclü psixoloji asılılıq və ya meyil yaradır.

Kokain istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Yuxu problemləri, ürək döyüntüsünün artması, baş ağrıları və çəki itkisi
  • Uyuşma (keyimə), gizilti, yapışqan dəri və dəri qaşınması və ya didilməsi
  • Həyat tərzinə görə güclü meyil və stres
  • Qəzalar, xəsarət və maddi problemlər
  • Əhval dəyişikliyi – təşviş, depressiya və maniya
  • Paranoya, irrasional fikirlər və yada salmada çətinlik
  • Aqressiv və zorakı davranış
  • Yüksək dozaların təkrar istifadəsindən sonra psixoz
  • Ürək tutması səbəbilə qəfil ölüm

Amfetamin tipli stimulyatorlara amfetamin, deksamfetamin, metamfetamin və ekstazi (MDMA) daxildir.

Onlar beyin funksiyalarına (mərkəzi sinir sistemi) stimullaşdırıcı təsir göstərirlər və onların istifadəsi bir sıra geniş fiziki və psixi sağlamlıq problemlər ilə əlaqələndirilir.

Bəzi amfetamin tipli stimulyatorların beyin hüceyrələrinə zərər verdiyinə dair artan dəlillər vardır.

Uzun müddətli yüksək dozada amfetamin istifadəsi zəif qidalanma üçün risk amilidir və həmçinin beyin hüceyrələrinə dəyişməz zərər vura bilər.

Əhval dəyişikliyi də amfetamin tipli stimulyatorların müntəzəm istifadəsi ilə əlaqələndirilir və bəzi istifadəçilər zaman keçdikcə depressiya və qıcıqlılıq kimi psixi sağlamlıq problemlərinin ağırlaşdığını bildirirlər.

Amfetamin tipli stimulyatorların istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Yuxu problemləri, iştahsızlıq və çəki itkisi, susuzlaşma, infeksiyaya qarşı müqavimətin azalması
  • Dişlərin sıxılması (qıcaması), baş ağrıları, əzələ ağrısı
  • Əhval dəyişikliyi – təşviş, depressiya, həyəcan, maniya və panika
  • Titrəmə, nizamsız ürək döyüntüsü, təngnəfəslik
  • Konsentrasiyada və yada salmada çətinlik
  • Paranoya, aqressiv və zorakı davranış
  • Yüksək dozaların təkrar istifadəsindən sonra psixoz
  • Beyin hüceyrələrinin davamlı zədələnməsi
  • Qaraciyər zədələnməsi, beyinə qansızma, ürək-damar stresi səbəbindən qəfil ölüm

Maddələrin özlərinin bir sıra fərqli farmakoloji təsirlərə malik olmasına baxmayaraq, inhalyantlar inhalyasiya və ya hava almaqla qəbul oluna bilən bütün maddələri əhatə edir. Ən çox istifadə olunan uçucu maddələrə benzin, solventlər, yapışqanlar, spreylər, benzol tərkibli laklar və toluol tərkibli yapışqanlar və ya boya həllediciləri daxildir. Amilnitrit və azot oksid də bəzi cəmiyyətlərdə istifadə olunur. Onların qəbulunun ən çox istifadə olunan üsulu konteynerdən iyləmək sayılsa da, bəziləri onları plastik torba istifadə edərək buruna çəkirlər.

İnhalyantların güclü asılılıq meyli göstərməməsi istifadəçilərin onlardan fiziki asılı olma ehtimalının az olmasını ifadə edir. Bununla belə, inhalyant istifadəsi bir sıra ciddi kəskin və xroniki təsirlərə gətirib çıxarır.

İnhalyantların istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Qripə bənzər simptomlar, sinusit, burun qanaxmaları
  • Ürəkbulanma və qusma, mədə pozuntusu, mədə xoraları, ishal
  • Başgicəllənmə və halüsinasiyalar, ürəkbulanma, yuxululuq, dezoriyentasiya, bulanıq görmə
  • Baş ağrıları, qəzalar və xəsarət, gözlənilməz və təhlükəli davranış
  • Koordinasiya çətinliyi, reaksiyaların ləngiməsi, bədənin oksigenlə kifayət qədər təmin olunmaması
  • Yaddaş itkisi, çaşqınlıq, depressiya, aqressiya, həddindən artıq yorğunluq
  • Deliriy, tutmalar (qıcolmalar), koma, orqan zədələnməsi (ürək, ağciyər, qaraciyər, böyrək)
  • Ürək çatışmazlığı səbəbilə ölüm

Sedativlərin və yuxu həblərinin tərkibi antidepresant və ya antipsikotiklərdən deyil, benzodiazepinlər və bənzər birləşmələrdən ibarətdir.

Onlar reseptlə təyin olunan dərmanlardır, bununla belə, təyin olunduqlarından xüsusilə daha çox və ya daha yüksək dozalarda istifadə edildikdə istifadəçilər üçün problemlər yarada bilərlər.

Ümumiyyətlə, benzodiazepinlər yuxu problemləri, təşviş və ya digər əhval pozuntuları, travma, cərrahi əməliyyatlar, spesifik maddələrdən çəkilmə, tutma (qıcolma) və əzələ ağrısını idarə etməyə kömək etmək üçün təyin edilir.

Sedativlərə və yuxu həblərinə diazepam, temazepam, alprazolam, klonazepam, flunitrazepam, zolpidem, midazolam və fenobarbital aiddir. Bu tam siyahı deyil və yalnız farmakoloji adları ehtiva edir.

Sedativlərə və ya yuxu həblərinə qarşı tolerantlıq və asılılıq qısa müddətli istifadədən sonra yarana bilər və bu dərmanlardan çəkilmək son dərəcə xoşagəlməz ola bilər. Çəkilmə simptomlarına kəskin təşviş və panika, yuxusuzluq, depressiya, baş ağrısı, tərləmə, qızdırma, ürəkbulanma, qusma və qıcolmalar aiddir.

Benzodiazepinlər çox yüksək dozalarda qəbul olunsa belə, dozanın aşılmasına görə ölümə səbəb olma ehtimalı olduqca azdır. Hərçənd alkoqol, parasetamol və ya opioid kimi digər maddələrlə kombinə edildikdə, dozanın aşılması və ölüm riski nəzərə çarpacaq dərəcədə artır.

Sedativlərin və yuxu həblərinin istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Yuxululuq, başgicəllənmə və çaşqınlıq
  • Konsentrasiyada və yada salmada çətinlik
  • Ürəkbulanması, baş ağrıları, qeyri-sabit yeriş
  • Yuxu problemləri
  • Təşviş və depressiya
  • Qısamüddətli istifadədən sonra tolerantlıq və asılılıq
  • Kəskin çəkilmə simptomları
  • Alkoqol, opioid və ya digər depressant dərmanlarla istifadə edildikdə dozanın aşılması və ölüm

Halüsinogenlərə dietilamid lizergin turşusu (LSD), psilosibin və psilosin (psixoaktiv göbələklər), ketamin, fensiklidin (PCP) və meskalin aiddir.

Onlar halüsinasiyalarla nəticələnən beş hissdən birinin (görmə, eşitmə, qoxu, dad, toxunma) və ya bir neçəsinin təhrif olunması ilə istifadəçinin reallığı qavramasına təsir edən dərmanlar qrupudur.

Onlar eyni zamanda koqnitiv proseslər, zaman hissi, özünüdərk və əhvalın pozulması ilə nəticələnə bilər.

Halüsinogenlərin təsiri gözlənilməzdir və fərqli istifadəçilər üçün və ya fərqli hallarda müxtəlif ola bilər.

Uzun müddətli perspektivdə halüsinogenlərin istifadəsi şizofreniya kimi psixi xəstəliklərin simptomlarını pisləşdirə bilər.

İstifadəçilər keçmişdə halüsinogenlərin istifadəsinin təsirlərinin spontan təkrarlanması olan fleşbəklərlə də qarşılaşa bilərlər.

Halüsinogenlərin güclü asılılıq meyli yaratmağa malik olmadığı üçün istifadəçilərin onlardan fiziki asılı olma ehtimalının azdır və onlar nəinki təkrarən, əsasən, sınaq məqsədilə və arabir istifadə olunurlar.

Halüsinogenlərin istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Görmə, eşitmə, toxunma və qoxu dəyişiklikləri, gözlənilməz davranış
  • Yuxu problemləri
  • Ürəkbulanma və qusma
  • Ürək döyüntüsünün artması və qan təzyiqi
  • Əhval dəyişikliyi
  • Təşviş, panika, paranoya
  • Fleşbəklər
  • Şizofreniya kimi psixi xəstəliklərin simptomlarının pisləşməsi

Opioidlər mərkəzi sinir sistemi depressantlarıdır. Heroin və tiryək (opium) kimi küçə (reseptlə təyin olunmayan) opioidləri də vardır, hərçənd opioidlər dərman kimi də təyin oluna bilərlər və adətən ağrının qarşısını almaq üçün istifadə olunurlar.

Küçə və ya reseptlə təyin olunmayan opioidlərin qəbulu istifadəçilər üçün bir çox problemlər yarada bilər, xüsusən onlar inyeksiya olunduqda və ya çəkildikdə istifadəçi üçün əlavə problemlər meydana gətirir.

Reseptlə təyin edilmiş opioidlərin istifadəsi, xüsusən də təyin olunandan daha tez və ya daha yüksək dozalarda istifadə edildikdə, istifadəçilər üçün problemlər yarada bilər. Təyin olunan opioidlərə morfin, kodein, metadon, buprenorfin, petidin (meperidin), dekstropropoksifen və oksikodon, tramadol, fentanil daxildir.

Opioidlər, adətən, heroinlə olduğu kimi inyeksiya oluna, çəkilə (heroin və tiryək), oral, əzələdaxili, venadaxili, sublinqval və ya anal süpozituar (farnasevtik opioidlər) qəbul oluna bilər.

Heroin inyeksiyası, xüsusilə də alkoqol və ya benzodiazepinlər kimi digər dərmanlarla kombinə olunduqda dərmanın dərhal mənimsənilməsinə və dozanın aşılmasına (həm ölümcül, həm qeyri ölümcül) səbəb ola biləcək təsirlərinin sürətli başlaması ilə nəticələnir.

Opioidlərin istifadəsi ilə əlaqəli risklərə (daha az kəskindən daha çox kəskinə qədər) daxildir:

  • Qaşınma, ürəkbulanma və qusma
  • Yuxululuq, qəbizlik, diş çürüməsi, nizamsız aybaşı dövrləri
  • Konsentrasiyada və yada salmada çətinlik
  • Depressiya, azalmış libido, impotensiya
  • Maddi çətinliklər və qanunla üzləşmə
  • Münasibət ilə bağlı stres
  • İş və ailə həyatını qoruyub saxlama problemləri
  • Tolerantlıq və asılılıq, çəkilmə simptomları
  • Dozanın aşılması və tənəffüs çatışmazlığı səbəbindən ölüm

‘Digər’ narkotiklər farmakoloji və ya başqa baxımdan digər dərman kateqoriyalarının heç birinə asanlıqla aid olmayan dərmanlardır. Buraya qamma hidroksibutirat (GHB) və digər sintetik narkotiklər aid ola bilər. Digər narkotiklər, o cümlədən Kava, Datura, Khat, muskat və hədsiz kofein istifadəsi bu kateqoriyaya yerləşdirilə bilər. Sizin ölkənizdə istifadə edilən və verilmiş digər maddə siniflərinin heç birinə uyğun gəlməyən və bu ‘digər narkotiklər’ kateqoriyasına daxil edilməli olan digər maddələr də ola bilər.